Ana Səhifə» 2010»Sentyabr»24 » Ədalətli olsun bütün qərarlar...
19:50
Ədalətli olsun bütün qərarlar...
25 sentyabr 2010-cu ildə baş tutacaq "Xəzər Lənkəran” – "Neftçi” matçı ilə əlaqədar "Xəzər Lənkəran” azarkeşlərinin AFFA prezidentinə
M Ü R A C İ Ə T İ
Son dövrlər Azərbaycanda futbolun ildən ilə inkişafı göz qabağındadır. Klublarımızın güclənməsi hesabına milli çempionatın səviyyəsinin yüksəlməsi, Avropa turnirlərində nəzərə çarpan irəliləyişə nail olmamız, beynəlxalq reytinq cədvəllərində irəliləyiş və digər göstəricilər buna əyani sübutdur.
Çempionatımızda iştirak edən klubların arasında keçirilən matçlar səviyyə və maraq baxımından xeyli yüksəlsə də, hələki cəmi bir matç "Böyük oyun” kimi həm media, həm futbol ictimaiyyəti və həm də azarkeşlər tərəfindən qəbul olunur. Bu matçın hər iki iştirakçısı olan komandalar, "Xəzər Lənkəran” və "Neftçi” Azərbaycan futbolu tarixində özünəməxsusluğu ilə seçilir. Bu komandalar arasında keçirilən bütün matçlar öz idmana xas olan gərginliyi ilə yadda qalır. Bəzən isə bu gərginlik, xoşa gəlməyən nəticələrlə də yadda qalmış və futbolsevərlərin üzüntüsünə gətirib çıxarmışdır. 2009/2010 futbol mövsümünün 25-ci turu çərçivəsində, 27 mart 2010-cu il tarixində bu komandalar arasında Lənkəranda keçirilmiş matçda bəzi xoşagəlməyən halları buna misal göstərmək olar. "Xəzər Lənkəran” azarkeşləri olaraq, biz belə halları pisləyir və bundan sonra da buna bənzər halların baş verməməsini arzulayırıq.
Həmin matçda baş verənlərlə bağlı baş hakimin, matçın təşkili və keçirilməsinə məsul şəxslərin cəzalandırılması, sizin obyektiv imicinizi daha da möhkəmləndirdi. Məhz bu obyektivliyinizi əsas götürərək, bu il sentyabr ayının 25-də, 7-ci tur çərçivəsində Lənkəran şəhərində bu komandalar arasında keçiriləcək matçı öz nəzarətinizdə saxlayaraq, hər hansı meydandankənar amillərin bu oyuna müdaxiləsinin qarşısını alacağınıza əminlik ifadə edirik və matçın sağlam idman mübarizəsi şəraitində keçəcəyinə inanırıq.