Ana Səhifə» 2010»Sentyabr»24 » "Fırtınalar Meydanı" "Böyük oyun"a tam hazırdır.
18:41
"Fırtınalar Meydanı" "Böyük oyun"a tam hazırdır.
"Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi.
- Unibank Premyer Liqasının VI turunda "Muğan”la oyundan sonrakı məlum proseslər "Xəzər Lənkəran”ın "Neftçi” ilə oyununun hazırlıqlarına necə təsir edə bilər?
- Əlbəttə, sentyabrın 25-də "Neftçi” ilə keçirəcəyimiz qarşılaşma bizim üçün vacibdir. Bu, Azərbaycan futboluna yaraşıq verən, azarkeşlərdə maraq doğuran oyunlardan biridir. Nəinki Azərbaycanda, hətta ölkə xaricində də izləyirlər, maraqlanırlar. Bu da sevindirici haldır. "Neftçi” ilə keçirdiyimiz hər bir oyun ətrafında böyük ajiotaj olur. Arzum budur ki, hər tur belə oyunlar olsun. Bu matçı Lənkəranda da çox böyük səbirsizliklə gözləyirlər. Təbii ki, belə bir matç öncəsi komandamızın xoşagəlməz hakim qərəzi ilə üz-üzə qalması yaxşı hal deyil. Əlbəttə, hakim qərəzi "Xəzər Lənkəran”a psixoloji cəhətdən, haradasa təsir edib. Hər halda, təsir etmədiyini demək olmaz. Bilirsiniz, futbol hakim, federasiya, klub üçün yox, azarkeşlər üçün oynanılır. Belə hallar digər komandaların futbol azarkeşlərinə də pis təsir edir. O mənada ki, azarkeşlər futbola baxmağa gedirlər, hakim qərəzini görəndə bir daha futbolu seyr etmək istəmirlər. Bunlar bütün futbolsevərlərə psixoloji təsir edir.
- "Muğan”la qarşılaşmada Anar Salmanovun məhz qərəzli olduğunu nəyə əsasən deyirsiniz?
- Biz öz klubumuzun saytı vasitəsilə də Salmanovun qərəzli olduğu epizodları nümayiş etdirmişik. AFFA Hakimlər Komitəsinin sədri televiziya ilə çıxışında hakimin qərəzli olduğunu deməsə də, səhvini etiraf etdi. Hər 3-4 dəqiqədə bir fit çalıb oyunun tempini öldürdü. 10-dan çox epizodu isə fakt kimi AFFA və Peşəkar Futbol Liqası rəhbərliyinə təqdim etmişik. Epizodlardan açıq-aydın görünür ki, hakim oyun bitməmiş, künc zərbəsi yerinə yetirilən anda matçı dayandırır, əllə oynamadığı halda futbolçumuza sarı vərəqə göstərir, buna görə qol epizodunu saxlayır. Yaxud Dieqo Ruisin hücumda olduğu vaxt ona qarşı kobudluğun simulyasiya kimi qiymətləndirilməsi epizodu olsun. Futbolçularımız Stelian Stanku, Rahid Əmirquliyev, Uinston Parksa ədalətsizcəsinə sarı vərəqələr göstərilir. Guya Parks dirsəyi ilə kiminsə çənəsindən vurub, dişini sındırıb, partladıb, qanadıb və daha nələr edib. Həm özümüz, həm də Peşəkar Futbol Liqası rəhbərliyi oyunu canlı izləyib. Hər şey açıq-aydın görünürdü. Elementar bir epizod deyim: "Muğan”ın futbolçusu oyunçumuzun paltarından aşağı dartır, ona qarşı kobud rəftar edir, hakim isə heç bir xəbərdarlıq etmir. Amma bizim oyunçu rəqibinə arxadan bir az toxunan kimi matçın 3-5-ci dəqiqəsində sarı vərəqə göstərir. Əlbəttə, hakim səhvi normal bir şeydir. Hər yerdə, hər bir çempionatda hakim səhvi olur. Amma səhvlər mütəmadi olursa, bu, ədalətsizlikdir. "Xəzər Lənkəran” intizamsız komandadırsa, ilk 5 turda cəmi 2 sarı vərəqə aldığı halda, necə olur ki, 1 oyunda 6 futbolçusu sarı vərəqə ilə cəzalandırılır? Sarı vərəqələr, qol anında matçı saxlaması kimi 10-dan çox epizod hakimin qərəzli olduğunu göstərir. Anar Salmanov Azərbaycanda sayılıb-seçilən hakimdir, FİFA referisidir. Gənc hakim olsaydı, başqa məsələ.
- Siz əvvəllər Əfqan Həmzəyevi də "Xəzər Lənkəran”a qarşı qərəzli olmaqda ittiham etmisiniz. Elçin Məmmədovun isə ötən mövsüm Azərbaycan Kubokunun finalındakı idarəçiliyindən narazılığınızı bildirmisiniz...
- Ümumiyyətlə, biz bir klub olaraq, AFFA Hakimlər Komitəsinin fəaliyyətindən narazıyıq. Ona görə ki, ilk 5 turda da hansısa komanda hakimdən narazılıq edib, hakim ədalətsizliyi ilə üz-üzə qaldıqlarını bəyan edib. Həmin oyunlarda hakimlərinin səhvə yol verdiyi, yoxsa qərəzli olduğu mənim işim deyil. Bunu AFFA rəhbərliyi müəyyənləşdirir. Bu, hər tur baş verir. Ötən ilin martında Əfqan Həmzəyev "Neftçi” ilə oyunumuzda yanlış qərarlar verdikdən sonra Hakimlər Komitəsinə töhmət verildi. Hətta Həmzəyevdən çox bu komitəyə iradlar bildirildi, fəaliyyətlərinə çox aşağı qiymət verdilər. Bundan sonra çempionatın axırınadək heç bir komanda hakim ədalətsizliyi ilə üz-üzə qalmadı. Cari çempionatda isə yenidən hakim qərəzi, ədalətsizlikləri baş qaldırmaqdadır. Belə çıxır ki, Hakimlər Komitəsi o dərəcədə yüksək səviyyədə fəaliyyət göstərə bilmir. Hakimləri düzgün oyun idarə etməyə vadar etmək əvəzinə səhvə yol verənlərin arxasında durur. Buna görə də Hakimlər Komitəsinin işi aşağı səviyyədədir. Azərbaycanda futbol klubları inkişaf edir, bazaları, stadionları tikilir, uşaq futbolu çox yüksək səviyyədə inkişaf edir, neçə klubun uşaqlar, yeniyetmələr arasında keçirilən çempionatlarda komandaları var. Əfsuslar olsun ki, Hakimlər Komitəsi elə bir səviyyədə qalır, inkişaf etmir, yüksək səviyyəyə çatmır. Əksinə, geri qalır. Bu da futbolumuza çox böyük ləkədir. AFFA rəhbərliyi futbolumuzu dirçəltmək üçün bu qədər iş görür, Hakimlər Komitəsi isə bu inkişafa böyük ləkə vurur.
- Hakimlər Komitəsinin hansı marağı var ki, qərəzli hakimliyə yol versin?
- Mən demirəm ki, kiminsə marağı var, qəsdən hakimə deyir ki, get, oyunu qərəzli idarə et. Sadəcə, hakim oyunu qərəzli idarə edirsə, onu elə cəzalandırmalıdırlar ki, gələn tur yenə qərəzli olmasın. Hər tur bir komandaya qarşı qərəzli davrana-davrana gəlib, VI turda "Xəzər Lənkəran”a çatdılar. Demək, ədalətsizliyə yol verən hakim üçün pis ölçü götürülür ki, növbəti turda başqa bir hakim öz işinə məsuliyyətsiz yanaşır. Bizim Anar Salmanov və ya Xaqani Məmmədovla şəxsi ədavətimiz yoxdur. Sadəcə, "Muğan”la matçımızı faktiki Anar Salmanov idarə edirdi, çoxlu sayda səhv qərarlar verdi, qərəzli mövqe nümayiş etdirdi.
- Futbol ictimaiyyəti arasında belə bir fikir var ki, Anar Salmanov vaxtilə "Xəzər Lənkəran” lehinə qərarlar verməklə tanınıb. Onun 2004-2005-ci il mövsümündə son tur matçının uzatma dəqiqələrində "Gəncə”nin qapısına təyin etdiyi mübahisəli penalti nəticəsində komandanız 1:0 hesablı qələbə qazandı, "Neftçi” ilə xalları bərabərləşdirib, "qızıl oyun”da iştirak hüququna yiyələndi. Bundan əlavə, ötən mövsüm "6-lıq” mərhələsində Salmanov "İnter”in qapısına mübahisəli penalti təyin etdi və matçı 2:2 hesablı heç-heçə ilə başa vurdunuz...
- Heç kim deyə bilməz ki, Salmanov hansısa oyunda "Xəzər Lənkəran”a bilərəkdən kömək edib, klub rəhbərliyi də onunla danışıb ki, oyunu udmağımız üçün bizə kömək etsin. Belə bir şey ola bilməz. Bu gün heç kim "Xəzər Lənkəran”ın adına ləkə gətirib iddia edə bilməz ki, klub rəhbərliyi hansısa hakimlə danışığa gedir, hakimin köməyindən yararlanır. "Xəzər Lənkəran”ın belə çirkin işlərə heç bir ehtiyacı yoxdur, ola da bilməz. Klubumuz yaranan gündən həmişə düzgün yolu seçib. Bir vaxtlar komandalar vardı ki, legionerlərə Azərbaycan vətəndaşlığı verib oynadırdılar. O zamanlar "Xəzər Lənkəran” öz prinsiplərinə, klubun sahibi və prezidentinin prinsiplərinə uyğun davrandı. Ədalətli siyasət seçdi. Komandamız həmişə çalışıb ki, gözəl oynasın, öz gücü hesabına qalib gəlsin və azarkeşlərini sevindirsin. Vəssalam! Ay hakim belə getdi, filankəs belə getdi, onların hamısı boş şeylərdir. "Xəzər Lənkəran”ın Anar Salmanovla işi olsaydı, o hakim komandamıza qarşı bu dərəcədə qərəzli mövqe tutmazdı.
- Hər halda, məhz "Gəncə” ilə oyununuzdan sonra Anar Salmanov futboldan ömürlük uzaqlaşdırılmışdı...
- O vaxtlar çox adamlar hakimlikdən uzaqlaşdırılıb, çox adamlar da qayıdıb. Onların hərəsini bir-bir araşdırsaq, görərik ki, uzaqlaşdırılıb qaytarılmaları müəmmalı şəkildə baş verib. Bu haqda dəqiq bir söz deyə bilmərəm. Ola bilsin, ədalətsizcəsinə uzaqlaşdırılıb ki, sonradan qayıdıb və yenidən hakimlik edib. Hər halda, pis hakim olsaydı, FİFA referisi dərəcəsi almazdı.
- Klubunuzun uğurlarında xüsusi rolu olan Zaur Ramazanov futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Onun üçün təntənəli yolasalma təşkil etmək fikriniz var?
- Doğrudan da "Xəzər Lənkəran”ın tarixində Ramazanovun özünəməxsus rolu olub. Sevilən, seçilən futbolçumuzdur. Klubumuzun muzeyində onun üçün yer ayrılıb. Azarkeşlər də onu sevir. Bu, faktdır. Amma onun üçün vida matçı keçirmək haqda bir danışığımız olmayıb. Ramazanovun karyerasını bitirdiyini özündən eşitməmişəm. Ondan da yaşlılar hələ futbol oynayırlar. Hansı futbolçu üçün tədbir keçirib-keçirməməyin gərəkliyinə dair qərarı klub prezidenti verir. Bu, mənim səlahiyyətimdə deyil. Zaurun belə bir fikri olsa, bizə zəng edib deyəcək.
- Lənkəran şəhər mərkəzi stadionu "Neftçi” ilə oyuna hazırdır?