Ana Səhifə» 2010»Sentyabr»19 » İnternet portalları da münasibət bildirirlər.
15:21
İnternet portalları da münasibət bildirirlər.
Unibank Premyer Liqasının VI turun ilk oyun günü növbəti hakim qalmaqalı ilə yadda qaldı.
Ona görə növbəti dedik ki, cəmi 6 turun keçirilməsinə baxmayaraq, indiyə qədər, az qala hər tur hakim idarəçiliyinin bərbad olmasından dolayı şikayətlər səslənir, "Turan” klubu isə hətta iki dəfə sərt bəyanatla çıxış edib.
Nəticə yoxdur. Ortada şikayət varsa, ona münasibət, rəsmi reaksiya olmalıdır. Amma kimə deyirsən?
Salyanda baş tutan "Muğan” – "Xəzər Lənkəran” görüşünü idarə edən Anar Salmanov isə növbəti qalmaqala imza atıb. Hərçənd bu imza Salmanovdan daha çox, Musayevin imzasına oxşayır. Bir az da Xaqani Məmmədovun. Hər halda hər nəyə oxşayırsa, ədalət təmsilçisinin imzasına bənzəmir ki, bənzəmir. Çünki bu oyunun idarəçiliyində ədalətdən əsər-əlamət yox idi!
Bu həmin Anar Salmanovdur ki, məhz bu cür sifarişli, qərəzli idarəçiliyə görə ömürlük hakimlikdən uzaqlaşdırılmışdı. Onu bu oyuna təyin edən Xaqani Məmmədov da vaxtı ilə eyni taleyi yaşamışdı. Xaqanini bir vaxtlar bağışlayıb, hakimlik institumuzun başına gətirdilər ki, ardıcıllarını yetişdirsin. Yetişdirdi də. Hətta Anar Salmanov kimi sirri faş olan, cəzalandırılan yetirmələrini yenidən əfv etdirib, iş başına gətizdirməyi bacardı da. Nə deyəsən, bacarıqlı müəllimdir. Sonra hələ utanmadan Azərbaycan futbolunun inkişafı üçün çalışdıqları haqda boş nağıllarla xalqın başını aldadırlar. Çirkabda futbol yox, çömçəquyruqlar, qurbağalar, həşəratlar inkişaf edər, futbol yox.
Necə ki edir!
Bu gün Özbəkistanın futbol hakimi Dünya Çempionatının açılışını etdiyi bir vaxtda, Azərbaycanın futbol hakimləri əyalətdə keçirilən adi bir oyunu belə biabırçı şəkildə idarə edirsə, buna nə ad vermək olar? Hansı inkişafdan danışmaq olar?
İndi isə oyun haqqında!
Qarşılaşmada "Xəzər Lənkəran”ın 6 aparıcı oyunçusunu yeri gəldi-gəlmədi sarı karta "mükafatlandıran” Salmanov var-gücüylə cənub təmsilçisinin oyun sistemini pozmağa çalışırdı.
Oyunun ikinci hissəsində "Xəzər Lənkəran”ın hücumçusu Dieqo Ruiz rəqibin cərimə meydançasına daxil olarkən, "Muğan”ın müdafiəçisi onu yıxdı. Salmanov isə "Muğan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyi etmək əvəzinə, Ruizi sarı kartla cəzalandırdı. birbaşa oyunun nəticəsinə təsir edən qərardır!
Daha sonra "Xəzər Lənkəran”ın digər hücumçusu Emeka Opara komanda yoldaşı Uinston Parksa başla gözəl ötürmə edərək, onu qapçıyla təkbətəkə çıxardı. Çox yaxın məsafədə və əlverişli şəraitdə olan Parksın hücumu məntiqi sonluqla başa çatdırmaq şansı yarandı. Amma… Birdən Salmanov yenə müdaxilə etdi və hücumu dayandırdı. Guya bundan əvvəlki epizodda Opara əllə oynamışdı. Yenə hakim qərəzi! yenə birbaşa oyunun nəticəsinə təsir edən qərar!
Üstəlik hədəf yalnız bu oyunun nəticəsi deyildi.
Növbəti turda "Xəzər Lənkəran” çempionluq yarışında əsas rəqibi olan "Neftçi”ni qəbul edəcək. 6 aparıcı oyunçusu bilərəkdən sarı kartla cəzalandırılan "Xəzər Lənkəran” bu qarşılaşmaya yarımcan çıxacaq. Üstəlik komandadan vacib xallar qoparıldı!
Biz "Neftçi”nin son vaxtlar göstərdiyi gözəl oyununa kölgə salmaq fikrində deyilik. Amma bu kölgəni biz yox, "Neftçi”nin sabiq rəhbərləri- indi AFFA-nın prezidenti olan Rövnəq Abdullayev və PFL-in prezidenti postunda oturan Ramin Musayev salır.
Öz imici naminə, fikrimizcə, "Neftçi” də baş verənlərə etiraz etməlidir! Əgər doğrudan da Azərbaycan futbolunun bayraqdarı statusuna iddia edirsə…
Artıq "Xəzər Lənkəran” klubu bəyan edib ki, bu ədalətsizliklə barışmaq niyyətində deyil və hakimin oyun zamanı qərəzliyini sübut edən materialları hazırlayıb PFL və AFFA-ya təqdim edəcək.
Amma kimdən kimə şikayət? Bu şikayətin nəticə verəcəyinə təminat varmı? Təssüf ki, yoxdur! Təəssüf ki, Azərbaycan futbolunun başında duranlar ədalətin deyil, ədavətin tərəfdarıdırlar.