Həftə sonu premyer liqanın XX turu çərçivəsində komandamızın “Qarabağ”a qarşı keçirilmiş oyununda zədələnmiş Denis Kalinkov fevralın 17-də “Neftçi”yə qarşı keçiriləcək önəmli görüşdə forma geyinə bilməyəcək.
Bu gün futbolçunu müayinə edən komandamızın həkimi Boris Xetaquropvun sözlərinə görə, Denis sol ayağın topuğunun bağlarını zədələyib və təxminən bir həftə müalicə olunmalıdı. Bu isə o deməkdi ki, “Böyük oyun”a da hücum xəttinin liderlərindən biri komandasına kömək edə bilməyəcək. Böyük ehtimalla, Kalinkov fevralın 21-də keçiriləcək “Karvan”a qarşı Premyer Liqanın XXII tur qarşılaşmasını da buraxmalı olacaq. Ardından ölkə çempionatında fasilə yaranacağından Moldova millisinin futbolçusu yenə “Xəzər Lənkəran”ın formasını martın 6-7-də ölkə kuboku uğrunda turnirin 1/4 finalında “Qarabağ”a qarşı oyunda geyinə biləcək. Daha sonra gənc oyunçumuz Premyer Liqanın “altılıq” mərhələsində çıxış edə biləcək.