Bu gün "Xəzər
Lənkəran” Futbol Klubu növbəti mühüm müqaviləyə imza atıb. Əsas komanda ilə
yanaşı aşağı yaş qruplarını da daima diqqət mərkəzində saxlayan klubumuz bu səmtdə
növbəti vacib addımını atdı. Belə ki, təcrübəli hollandiyalı məşqçi Fabian
Veldviyk bundan sonra "Xəzər Lənkəran”da çalışacaq. İdman direktoru vəzifəsinə
təyin olunan Veldviyk aşağı yaş qruplarına cavabdeh şəxs kimi bu sahəyə
bilavasitə nəzarət edəcək.
Müxtəlif
komandaların aşağı yaş qruplarında iş üzrə böyük təcrübəyə malik olan Veldviyk
bu sahədə ixtisaslaşmış mütəxəssislərdəndir. Karyerası ərzində Hollandiyanın
"Sparta” (Rotterdam), "Volendam” və "TOGR” klublarında uğurlu fəaliyyət göstərmiş
məşqçi, həmçinin İngiltərənin "Blekbern Rovers” klubunda da çalışıb. Müxtəlif
illərdə UEFA-nın "C”, "B” və "A” lisenziyalarını alan Veldviyk nəhayət 2010-cu
ildə ən yüksək məşqçilik kateqoriyası sayılan "PRO” lisenziyasına da sahib
olub. 37 yaşlı mütəxəssis ötən il Hollandiyanın "SCO`63” futbol klubu üçün Gənclərin
İnkişafı Layihəsini hazırlamaqla öz karyerasında daha bir uğurlu addıma imza
atmışdı.
Ən yuxarı
kateqoriyaya malik olan məşqçinin işə cəlb olunması klubumuzun oyunçu yetişdirmə
siyasətinə nə qədər ciddi yanaşdığının növbəti nümunəsidir. "Xəzər Lənkəran”
Futbol Klubu mütəxəssisə klubdakı işində uğurlar arzulayır və onun işinin
komandaya fayda verəcəyində əminliyini bildirir.
Mənbə:
lankaranfc.com
|