Bu gün günün ikinci yarısında "Bosman" fan klubunun rəsmi internet saytı məlumat yaydı. Məlumatda fan klub rəhbəri Mirhafiz Babayevin "Futbol+” qəzetinin redaksiyasına dəvət olunması və orada keçirilən toplantıda iştirakından bəhs edilir. "bosman.at.ua " saytında gedən məlumatı olduğu kimi təqdim edirik:
Bu gün saat 13:00-da fanklubumuzun rəhbəri
Mirhafiz Babayev "Futbol+” qəzetinin redaksiyasına dəvət almışdı. Görüşdə
"Neftçi” komandasının fanklub rəhbərləri də (hamısı yox) iştirak ediblər.
İki saat ərzində keçirilən görüşü adı çəkilən qəzetin baş redaktoru Mahir Rüstəmli
aparıb. Eyni zamanda qəzetin daha iki əməkdaşı da görüş iştirakçısı olub.
Mirhafiz bəyin verdiyi məlumata görə
görüşdə müzakirə mövzusu əsasən XX turda "Netçi” – "Xəzər Lənkəran”
arasında keçirilmiş görüşlə və görüş zamanı azarkeşlər arasındakı münasibətlə
bağlı olub. Həmçinin ümumiyyətlə bu iki komandanın azarkeşləri arasındakı
münasibətin lap əvvəldən indiyə qədərki dövrü müzakirə olunub və gələcək
istiqamətləri haqqında fikir öyrənilib. İki saat ərzində keçən görüş bu səpkidə
daha dərin müzakirələrin getməsi ilə davam etdirilib və tərəflər müzakirələrdə
aktiv iştirak ediblər.
Mirhafiz bəy həmçinin bunları bildirdi:
"Mən bayraq yandırılması məsələsinə görə elə həmin vaxtdan narahat idim.
Elə o vaxt biz buna kəskin narazılığımızı bildirmişdik. Xüsusən də
"Neftçi” azarkeşlərinin "biz də onların bayrağını fevralın 13-də
Bakıda yandıracağıq”-deməsindən sonra daha da narahatçılığımız artmışdı. Bunun
üçün onlar Lənkəran stadionundan asılmış böyük bir "Xəzər Lənkəran”ın
bayrağını da götürdüklərini bəyan edirdilər. Mən xeyli əvvəldən Mahir Rüstəmli
ilə əlaqə saxlayıb o bayrağın qaytarılmasında bizə yardımçı olmasını istəmişdim.
Mahir Rüstəmli də öz növbəsində "Siz narahat olmayın. Həmin ərəfədə biz qəzetimiz
vasitəsi ilə elə iş apararıq ki, bu baş verməsin”-deyə əmin etmişdi. Mən
yandırılarsa çox pis nəticələrə səbəb ola biləcək "Xəzər Lənkəran”ın
bayrağının xilası üçün həm Mahir bəyə, həm "Neftçi” fanklublarının rəhbərlərinə
həm də bu dəhşətli filmdən betər ola biləcək anları izləməkdən bizi
qurtardıqları üçün hər kəsə təşəkkürümü bildirdim”.
Görüş
anlaşıqla bitdiyindən Mirhafiz bəy bütün tərəflərin razı qaldığını bildirməyi də
nəzərimizə çatdırdı.
|