Komanda Mingəçevirdədir və ənənəyə uyğun olaraq Kür sahilində yerləşən “River Side” mehmanxanasında məskunlaşıb. Martın 6-da saat 14.00-da isə futbolçularımız Mingəçevirin Yaşar Məmmədzadə adına şəhər stadionunda “Qarabağ”la oyundan öncə son məşqlərinə çıxacaqlar.
Qeyd edək ki, milli komandanın düşərgəsində zədələnən Kamran Ağayevlə yanaşı, komandamızın daha bir qapıçısı Zabit Səfərov bərpa prosesi keçdiyindən, braziliyalı yarımmüdafiəçi Dieqo Qusmao isə bir müddət öncə sındığı əlində ağrılar hiss etdiyindən səfərə yollanmayıblar. Əvəzində hələlik fərdi plan üzrə çalışan Denis Kalinkovla zədəsini sağaltmış Ruslan Poladov komandayla birgə Mingəçevirə gediblər. Düzdü, ikincidən fərqli moldova millisinin hücumameylli yarımmüdafiəçisinin “Qarabağ” matçında iştirak edəcəyi az inandırıcıdı.
Bir daha xatırladaq ki, Azərbaycan kuboku turnirin 1/4 final mərhələsində “Qarabağ”la “Xəzər Lənkəran” arasında ilk oyun bazar günü – martın 7-də Ağdamın Quzanlı qəsəbəsinin Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Oyun saat 14.15-də başlayacaq və komandamız matçdan dərhal sonra bir günlük istirahətə buraxılacaq.
Hakimlər Komitəsi Azərbaycan Kuboku uğrunda turnirin 1/4 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Bazar günü – martın 7-də Ağdamda keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” oyunu referi Elçin Məmmədova tapşırılıb.
Referiyə laynsmanlar - Azər Əsgərovla Mübariz Haşımov və “dördüncü” Rövşən Əhmədov yardım edəcəklər. Oyunun hakim-inspektoru Əhmədağa Cabbarov, AFFA nümayəndəsi isə Elbrus Abbasov olacaq.