******************************************* Qismət Rüstəmov.Şeir. ******************************************* Bir az tut arağı, bir az da xəngəl, Hakimi meydanda yuxu aparır. O qədər "oyun" var oyundan əvvəl, Oyunlar oyundan əvvəl qurtarır. ******************************************** Hakimlər susdular fitin diliylə, İrlandlar qrupun dibinə düşdü. Anri pas ağacı əkdi əliylə, Meyvəsi kiminsə cibinə düşdü. ******************************************** Dollardan çərpələng uçurmadınsa, Yuxarı dirəkdən asılmalısan. Kiminsə cibində qol vurmadınsa, Ofsayda abunə yazılmalısan. ******************************************** Ay futbol, incimə qısa və kəsə... Nə azdı, nə də çox, elə beləsən. Cibindəki qazon "yaşıl" deyilsə, Rəqiblər önündə üzü "pelesən". ******************************************** Yığışaq bunlara al-ver düzəldək, Bunlar bu futbolu atsın, yaşasın. Foqtsda "Sədərək"də bir yer düzəldək, Arvad alt paltarı satsın, yaşasın. *********************************************** Milli komandanın əcnəbi dostu, Sən demə, çoxdandı bizə atırmış. "Vosmoy" bazarında görüblər Foqtsu, Qazonu göyərti kimi satırmış. ************************************************ Eynək almalıyıq bunlara hələ, Bunlar sağa baxır, sol kimi görür. Tofiq Bəhramovun heykəli belə, Girməyən topları qol kimi görür. ************************************************ Bunlar başa düşmür adam dilində, Ay görüm, bunların qıçı qırılsın. Görüm AFFA-nın da, PFL-in də, Dirəyi titrəsin, toru cırılsın! ************************************************* Cibinə tökülən pulları sayır, Biabır eləyib ətrafa bizi. Bizi uşaq sayır top-top oynayır, Toruna sarıyıb bu AFFA bizi. ************************************************* Bir az əsəbləşib ağ eləsəm də, Arabir özümdən acığım gəlir. Nə qədər gülsəm də, lağ eləsəm də Mənim bu millətə yazığım gəlir. ************************************************** Hər gecə kədərdən top ağlayıram... ************************************************** Mənbə - FutbolPress.az
|