Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununda (0:0) yaşananlar xoşagəlməz hadisələrə yekun olaraq AFFA İntizam Komitəsi ədalətli qərar çıxarıb. “Xəzər Lənkəran” Futbol Klubu komandanın üzləşdiyi sanksiya və cəzalarla razıdır və bunu ədalətli qərar sayır. “Xəzər Lənkəran” Futbol Klubu komandanın ev oyunları keçirdiyi stadionun cəzalandırılmadığı və azarkeşlərin sanksiyaya məruz qalmadığı üçün dərin minnətdarlığını bildirir.
Klub rəhbərliyi bütün futbol ictimaiyyətini əmin edir ki, olanlar barədə ölçü götürəcək və ilk növbədə stadionda asayişin və təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunması üçün çalışacaq. Məsələn, 3 aprel 2010-cu il tarixində keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” matçında azarkeşlərə xüsusi bukletlər paylanacaq və onlardan oyun zamanı təmkinli olmaları xahiş ediləcək.
Eyni zamanda “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyi “Neftçi” ilə oyun zamanı yaranmış insidentin böyüməməsi istiqamətində böyük əziyyət çəkən Lənkəran şəhəri polis İdarəsinin əməkdaşlarına, o cümlədən idarə rəisi Elxan Əliyevə də minnətdarlıq edir.