Bir həftə əvvəl və bu həftə.
Hər şey yaxşı ola bilərdi, pisliklər də unudula bilərdi bu həftə.
Komandamız “Fırtınalar Meydanı”nda qalib gəldi. Çoxlu qol vəziyyəti yarandı, hər belə qol vəziyyətində vur,vur deyə sıçradıq yerimizdən. Stadiona toplaşan azarkeşlərin sayı az olduğundan təəsüfləndik, meydançanın ot örtüyünün vəziyyətindən isə sevindik bir az. Lənkərançayın üzərindəki körpü az laxlandı bu dəfə, oraya yığışan taksilər isə narazı getdilər. Üzərik satan qadının peroşkisi yarıbayarı qalmışdı.O da satılmayan peroşkiləri pulsuz payladı, adını da belə qoydu: qələbə münasibəti ilə... ağ cipdən düşən paytaxtda yaşayan Lənkəranlı azarkeş ona 20-manat bağışladı dediklərinə görə.
“Neftçi”nin “Flaqman” fan klubunun üzvləri qonaqları döydülər, söydülər sonra da polislər “Gəncə”liləri qardaşyana prinsipini əldə bayraq tutaraq yüngülcə dəyənəyə qonaq etdilər deyəsən - deməsən də olar. Həmin oyunun meydançada gedən mübarizəsində isə qırmızı vərəqə verildi. “Neftçi”nin futbolçusuna verilmədisə deməli bura Azərbaycandır. Bu oyundan sonra yenə bayraq yandırılması yada salındı, amma bu dəfə kiçiklər tərəfindən. Yenə bu oyundan sonra geyinib-soyunma otağına gedənlər oldu... Sən demə belə otaqlara təkcə paltar dəyişməyə getmirlər.
Kamran əfv olundu. Deyirlər insan ömründə bir dəfə əfv oluna bilər. İkinci dəfə isə bağışlana bilər ancaq.