22- fevralda "12-ci oyunçu”
azarkeş qrupunun üç illik yubileyi qeyd olunur.
"12-ci oyunçu”nun yaradılmasının ideyası hələ 2005-cilin may ayında yaransa da
fəaliyyətimiz fərdi qaydada həyata
keçirilən layihələrlə davam edirdi. Bu işlərdə fəallıq 2006-cı ildə daha da artdı. Həmin il müxtəlif
yadda qalan işlər gördük, ən maraqlısı dekabr
ayında "Fırtınalar Meydanı”nda qəribə görüntü ilə davam edən layihəmiz oldu. Beləki,
2006/2007 çempionatının birinci dövrəsinin son oyununda "Xəzər Lənkəran”
Qəbələnin "Gilan” (Qəbələ) klubu ilə qarşılaşırdı (09 dekabr 2006) və birinci
dövrənin yekunlarına görə komandamız "qış çempionu” oldu. Fəal azarkeşləri bir
yerə yığaraq hamılıqla Santa Klaus papaqları ilə stadionda qeyri adi formada
azarkeşlik etdik. İki gün sonra "Futbol+” qəzeti bu hadisəni işıqlandırdı. Həmin
çempionatın ikinci dövrəsində artıq fəal azarkeşlərlə çoxlu maraqlı layihələr
həyata keçirməyə başladıq. Tribunalara toplaşan azarkeşlərə demək olar ki, hər
oyunda ağ-yaşıl vərəqələr hazırlayıb paylayırdıq. ”Gələn il kimin yubileyidir
?” yazılmış plakatımız hələ də bir çox azarkeşin yaddaşındadır. Növbəti
çempionatda "15000-lik stadion, 14999+sən " adlı layihə ilk cəhddən alınmasa da
ikinci cəhdimiz uğurlu oldu və biz tribunaları tam doldura bilmişdik. Artıq
"12-ci oyunçu” müstəqil fan klubunu yaratmışdıq (12-ci oyunçu mfk). 22-fevral
2008-ci ildə təsis yığıncağını keçirərək nizamnaməmizi təsdiq etmişdik. Azərbaycanın
ilk müstəqil fan klubunun yaranması yenə də "Futbol+” qəzetinin 23-fevral
tarixli nömrəsində işıqlandırılmışdı. Azərbaycanda ilk dəfə biz "Xəzər
Lənkəran” klubu ilə əlaqə yaratmadan tam müstəqil formada fəaliyyətimizi
qurmağa başlamışdıq. Fan klumuz üçün baraban aldıq, səfər oyunlarına gedərkən
"Xəzər Lənkəran” klubunun təşkil etdiyi avtobuslarla deyil öz hesabımıza
kirayələdiyimiz avtobuslarla yola çıxdıq. Fan klubun idarə heyyəti üzvlərinin
şəxsi ianələri hesabına aldığımız parçalardan bayraqlar və müxtəlif atributlar
hazırlayıb azarkeşlərə hədiyyə edirdik. "Fırtınalar meydanı”nın "E”- sektorunu
özümüzə daimi məkan seçdik. Fan klubun yarandığı gündən düz bir il sonra 22-
fevral 2009-cu ildə fan klumuzun internet saytını açdıq. Bir müddət sonra isə
fan klubun fəaliyyətini dayandıraraq, fəaliyyətimizin formasında dəyişikliklər
etdik. Bu günə qədər də "12-ci” oyunçu azarkeş klubu( azarkeş qrupu) kimi fəaliyyət göstərən "12-ci oyunçu” olaraq
"Xəzər Lənkəran”ın ən çətin günlərində də komandanın yanındayıq. "12-ci oyunçu” azarkeş qrupunun fəaliyyətində
milli komandanın Lənkəranda iki il öncə sentyabr ayında Finlandiya milisinə
qarşı keçirilən matçda "NO RASİZM” adlı layihə də olmuşdur.
Biz Azərbaycanda futbol klubuna yaxın olmadan azarkeşlik etmək
qaydasının bünövrəsini qoyduq, biz müstəqil fanat anlayışını ölkə futboluna
gətirdik. "12-ci oyunçu”- azad
düşüncənin məhsuludur, beləcə qərarlarımızı da özümüz veririk və kimlərinsə
iradəsinə tabe deyilik.
Biz bu illər ərzində çoxlu təzyiqlərə məruz qalsaq da, müxtəlif çətinliklərə
sinə gərməyə çalışdıq və bacardıq. Bu illər ərzində saytımızı fəallaşdıraraq
iki il ardıcıl olaraq ilin azarkeş saytı adının qazanılmasına nail olduq. Bu illər ərzində "Xəzər
Lənkəran”ın ev oyunları öncəsi məşqlərini fotoreportajlarla və məşqlərdə baş
verən ən maraqlı məqamlarla saytımızda işıqlandırdıq. Bu sayt vasitəsi ilə sadə
azarkeşlərin istəklərini ölkənin futbol ictimaiətinə çatdırdıq.
Hazırda da "Xəzər Lənkəran” ailəsinə qarşı haqsızlıq edilən zaman ən
operativ raeksiyanı da biz veririk. Mətbuatda cənub təmsilçisinin azarkeşləri haqqında xoşa gəlməz yazılara rast gəlinən
zaman biz sinəmizi qabağa veririk, biz öz mənafemizi deyil ümumi azarkeş kütləsinin
mənafeyini qorumağa çalışırıq. Biz ölkə futbolunda daha çox vətən sevgisini
qabartmağı bacardıq. Yarandığı gündən "12-ci oyunçu”nun bir devizi vardır:
" Öncə vətəni, sonra səni sevdik "Xəzər Lənkəran” !”
22- fevral tarixi "12-ci oyunçu” üçün əlamətdar gündür - ”12-ci oyunçu”nun yaranmasının üç illiyi, internet
saytının açılmasının isə iki illiyi qeyd
olunur.
|