Dostuma
məktub.
Salam əziz dostum! İlin son günündə səni unutmadığımı bir
daha bu məktubumla sübut edirəm. Üstəlik, sən bizim yaxınlar tərəfindən "İlin
dostu” seçilmisən. Heç təəccüblənmə, qardaş. İlin sonudu deyə, buralarda hamı
kimisə və nəyisə seçir. İş o yerə çatıb ki, seçilən seçənlərdən çoxdu. Bizim
qonşumuz Abı kişini də yaşadığımız blokun 10 nəfərdən ibarət ailəsi "İlin
qonşusu” seçdi. Gecələr məhəlləmizdə hara gəldi hürən və məhəllənin sahibsiz
olmadığı görüntüsünü yaradan "Çibuş” da "İlin iti” seçildi. Məhəlləmizin
narkomanları da sahə müvəkkilini " lin sahə müvəkilli” seçməklə dolayısı ilə təsdiqlədilər
ki, bizdə çox vaxt nominasiyalarda qalib gələnlər nəyinsə xatirinə bu şərəfə
nail olanlardı. Amma sən həqiqətən yaxşı dostsan və səndən umacağımız yalnız
yazacağın şanlı məktublardı. Narahat olma, ilin son məktubunda səni
futbolumuzda baş verənlərlə də tanış edəcəm.
Gözün aydın, Nacı Şensoy yenidən ölkəmizə döndü. Gedərkən
AFFA-nın binasını partladacağını deyən mütəxəssis yenidən "Turan”ın başına gətirilən
kimi AFFA-nın binasının mühafizəsi gücləndirilib.
Heç quş quşluğu ilə oralardan uça bilmir.
Quş dedim hakimlərimiz yadıma düşdü. İnan, hakimlərimiz hər
tur elə "quşlar” buraxır ki, 50 ilin quşbazı belə qələt eləməyib. Ölkənin
Quşbazlar İttifaqı buna görə üç böyük bəyanat verib. Qardaş, onlar ilk bəyanatlarında
quş buraxan hakimlərin ittifaqın üzvü olmadığını bəyan edirdilərsə, sonuncu
press-relizlərində Hakimlər Komitəsi ilə birləşməyin mümkünlüyündən söhbət
açıblar.
Ramin Musayev də ötən günlərdə qələm əhlindən onu tənqid etməyi
xahiş edib. Mən bəzən düşünürəm ki, nə olsun, Petrjelanı 12 dəqiqəyə ölkədən
qovdurub, Demyanenkonu "alkaş” damğası ilə ömürlük "şikəst” edib. Ramin bəy gərək
bu düşüncə ilə ABŞ-da, nə bilim, İsveçrədə PFL prezidenti olaydı. Demyanenko ilə
Petrjela onun bu humanist üzünü görmədən getdilər. Sən Allah, gör, bir nəfər
tapılır ki, ona "İlin demokratı” mükafatını versin? Babək Quliyev də Musayevin xahişini yerinə yetirmək
istəyən kimi "ilin idman jurnalisti” ona mane olur. Vallah aləm bir-birinə dəyib.
Son günlər "ilin” sözü o qədər işlənir ki, mən, ümumiyyətlə yatıb bir də fevral
ayında durmaq istəyirəm. Di gəl ki, yatsam, bizim "ilin iti” yuxuma haram qatacaq. Odu ki, sən
xoşbəxt adamsan, yüksəklikdə durub Vətəni qorumaq nə qədər gözəldi. Oralarda hər
quş da uça bilmir, əsgərlər zabitini "İlin zabiti” seçmir, xidmətboyu "Astra” çəksələr
də "Mallboro”nu "ilin siqareti” seçib təzad yaratmırlar. Bax, buna görə səni
oralarda tək qoyduğum üçün özümü qınayıram. Di, salamat qal! Buralar üçün
darıxma. Gələn ilin hansı heyvan üstdə təhvil olunduğundan xəbərsizəm. Bir də
ki, neyləyirsən, hansı ildi ? Onsuz da əsas
odu ki, adam ili olmayacaq.
P.S.
Dostum, öz aramızda qalsın, məni də biz tərəflərdə "ilin jurnalisti” seçmişdilər.
Mənbə : ”Futbol+”
qəzeti.
|