Bu gün Azərbaycanın
gəlib-getmiş futbol əfsanələrindən biri, Anatoli Banişevskinin doğum günüdü. Mərhum
futbolçunun 65 yaşı tamam olur.
Anatoli
Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. O, Azərbaycanın futbol
tarixində silinməz izlər qoymuş istedadlı bir futbolçu olmaqla tarixə
düşmüşdür. O, yüksək insani keyfiyyətlərə malik
olmaqla yanaşı sadiqliyi ilə də seçilib. O, peşəkar karyerası ərzində -
1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib.
"Neftçi"nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını
qazanmasında onun böyük əməyi olub.
SSRİ
yığmasının məşqçilər korpusunun diqqətini də oz istedadı ilə cəlb edən dahi
futbolçu SSRİ milli komandasının heyətindən də kənarda qalmayıb. Belə ki,
parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ mili komandasına cəlb
edilib. Tezliklə bakılı məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi
3-cü oyunda het-trikə imza atıb. Bundan başqa, Banişevski 1966-cı ildə İngiltərədə
keçirilmiş Dünya çempionatında iştirak edib və yığmasının turnirin üçüncü
mükafatçısı olmasında az rolu olmayıb.
1968 və
1972-ci illərdə təşkil olunan Avropa çempionatlarına da qatılan həmyerlimiz son
yarışda gümüş mükafata layiq görülüb. Ümumiyyətlə, Banişevski SSRİ
çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76
qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş
hücumçu 19 dəfə fərqlənib. SSRİ çempionatı və kuboku, o cümlədən sovetlərin
yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin
"Qriqori Fedotov klubu"nun üzvüdü.
Futbolçu
karyerasını başa vurduqdan sonra o, 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb.
Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik
edib.
O,
sonradan 1984-88-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.
Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub.
Anatoli
Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib.
2 fevral 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə
Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.
Allah rəhmət
eləsin.
Biz, "12ci oyunçu” azarkeş qrupu və
"Bosman” fanklubu həm "Xəzər Lənkəran” klubunun o cümlədən Azərbaycan
futbolunun çoxminli azarkeşləri olaraq Azərbaycan futbolunun əfsanəsi olan
Anatoli Banişevskinin doğum gününün 65 illik yubileyi münasibəti ilə həm
"Neftçi” klubunu və həm də onun azarkeşlərini təbrik edirik. Qoy Azərbaycan
futbolu daim belə əfsanələri ilə yadda qalsın.
Qeyd: Bu sözlər yazılmış və dahi futbolçunun şəkli həkk
olunmuş təbrik məktubu "12ci oyunçu" azarkeş qrupunun rəhbəri İslam
Cabbarlı və "Bosman" fanklubunun rəhbəri Mirhafiz M. Babayev tərəfindən
imzalanaraq "Neftçi" klubunun rəhbərliyinə təqdim edilmişdir.
|