Ana Səhifə» 2010»Aprel»1 » “Xəzər Lənkəran” – “Qarabağ”
20:37
“Xəzər Lənkəran” – “Qarabağ”
Premyer Liqanın XXVI turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” oyununu İtturalde Qonsales, Roberto del Palomar, Xesus Kalvo Quadamuro və Xavyer Turyentso Alvaresdən ibarət ispaniyalı hakimlər briqadası idarə edəcək.
“Xəzər Lənkəran” – “Neftçi” oyununda baş vermiş qalmaqal əcinəbi hakim ideyasını yenidən gündəmə gətirib. Bugün klubumuzun nümayəndələri ilə AFFA, PFL və Hakimlər Komitəsinin rəsmiləri arasında keçirilən danışıqlarda razılıq əldə olunub ki, cari mövsümün sonunadək komandamızın oyunlarını əcinəbi hakimlər idarə etsin.
Artıq AFFA-nın baş katibi Elxan Məmmədov İspaniya Futbol Federasiyası ilə sıx münasibətlərdən istifadə edərək bu ölkənin ən güclü hakimlər briqadasının ölkəmizə ezam olunmasına nail olub. Beləliklə, aprelin 3-də Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” matçında ispaniyalı FİFA referisi İtturalde Qonsales fit çalacaq. 43 yaşlı referi ispaniyanın ən səviyyəli “ədalət təmsilçilərindən” biri sayılır və artıq 13 ildi ki, FİFA referisi statusunu daşıyır.
Qeyd edək ki, cənab İtturalde Qonsales cari Çempionlar Liqası və Avropa Liqasınının oyunlarını idarə edib. Maraqlıdır ki, İtturalde Qonsales şərq ölkələrində hakimlik təcrübəsi də var. Belə ki, ispaniyalı referiyə bir dəfə amansız prinsipiallığıyla seçilən Tehran derbisini (Asiyanın ən böyük derbisidi) - “Perspolis”lə “İstiqlal” arasındakı oyunu da idarə etmək nəsib olub.
Komandamızın digər oyunlarına təyinat alacaq əcinəbi hakimlərin adı hələ məlum olmasa da, böyük ehtimalla digər fit sahibləri də ispaniyanı təmsil edəcək. Beləliklə, indi ümid etmək olar ki, daha “Xəzər Lənkəran” hakim qərəzi ilə üzləşməyəcək.